“Bismillah” pərdəsi altında | İran kəşfiyyatının gizli kökləri – Məxfi qovluq

      “Bismillah” pərdəsi altında    | İran kəşfiyyatının gizli kökləri –    Məxfi qovluq
  16 İyun 2023    Oxunub:22012
İranın qüdrəti ta qədim zamanlardan təkcə silahın gücünə deyil, həm də gizli biliklərə əsaslanıb. Farslar dezinformasiyanı, intriqanı və agentura fəaliyyətini dövlət idarəçiliyinin əsas sütunlarından biri hesab ediblər. Bizansın cənub və şərq bölgələrini fəth edən Sasani hökmdarı II Xosrov Pərviz tez-tez deyirdi: “Yaxşı kələk bütöv bir orduya bərabərdir”. İran hakimiyyəti həmin prinsipə bu gün də əməl edir.
İran xüsusi xidmət orqanlarının müasir tarixi 1957-ci ilin payızından başlayır. O zaman CİA və "Mossad"ın fəal iştirakı ilə İnformasiya və Təhlükəsizlik Təşkilatı (SAVAK) təsis edildi. Fransa və Böyük Britaniya kəşfiyyat orqanlarının da bu işə müəyyən təsiri olub. İran kəşfiyyatının banisi Teymur Bəxtiyar Fransada hərbi akademiya bitirib.

SSRİ-nin Tehrandakı keçmiş hərbi attaşesi, MKİ general-mayoru Sergey Kraxmalov yazırdı ki, SAVAK uzun illər İranın bütün əhalisini qorxu altında saxlayıb. Hətta ölkənin yüksək vəzifəli şəxsləri də onun haqqında danışanda qorxudan titrəyiblər. Bu xüsusi xidmətin əsas vəzifəsi daxildəki müxalifətlə mübarizə aparmaq idi. Mövcud olduğu 22 il ərzində 380 mindən çox insanı işgəncələrə məruz qoyub.

Onda SAVAK-ın əsas rəqibləri Misirin, digər ərəb ölkələrinin xüsusi xidmət orqanları və onların müttəfiqi SSRİ idi. Bu səbəbdən o, bölgənin dini azlıqlarına: şiələrə, xristianlara və yəhudilərə arxalanırdı. Bununla belə, SAVAK-ın üçüncü rəisi Nemətulla Nasiri 1968-ci ildə xüsusi xidmət orqanları kanalları vasitəsilə SSRİ ilə əlaqə yaratmağa, xüsusilə də Sovet İttifaqından “əks-kəşfiyyat avadanlıqları” almağa maraq göstərdi.

Nəhəng repressiv polis aparatına (15 min əməkdaş) baxmayaraq, SAVAK 1979-cu ilin əvvəlində şah rejiminin devrilməsinin qarşısını ala bilmədi. 1979-1983-cü illərdə DTK-nın İrandakı idarəsinə rəhbərlik etmiş Leonid Şebarşinin xatirələrinə görə, İslam inqilabı bu ölkədə Sovet kəşfiyyatının mövqelərini əhəmiyyətli dərəcədə sarsıtdı. Daha sonra, yəni 1983-cü ilin fevralında Xomeyni rejimi ordu zabitləri arasında çoxsaylı tərəfdarları olan, Sovet kəşfiyyatı və Suriya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən İran Xalq Partiyasına (Tudə) qarşı kütləvi repressiyalara başladı.

İslam Respublikasında SAVAK-ın əsas varisi İranın İnformasiya və Milli Təhlükəsizlik Təşkilatı oldu. Bu qurum iki əsas element - SAVAK və 60-cı illərdə İraqın cənubunda, Livanda, Misirdə və ABŞ-da yaranmış İran şiə gizli cəmiyyətləri əsasında formalaşdı. Yeni rejim SAVAK kəşfiyyat strukturlarından zabitlər cəlb edir, Fars körfəzi ölkələrində, İraq istiqamətində işləyənlərə üstünlük verilirdi.

Nəticədə yeni kəşfiyyat xidməti də öz sələfi kimi Yaxın Şərq, Mərkəzi Asiya, Afrika, Cənubi və Şimali Amerikanın şiə icmalarından istifadə etməyə çalışırdı. Ayətullah rejiminin gətirdiyi yenilik İslam inqilabını ixrac etmək ideyası idi. Bu, İran kəşfiyyat xidmətlərinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərək, onlara sünni fundamentalistlərinə qarşı öz təsirlərini artırmağa imkan verdi.

SAVAK kimi, Xomeyni rejiminin təhlükəsizlik strukturu da ilk növbədə müxalifətin fəaliyyətini cilovlamaqla məşğul idi. Yeni kəşfiyyat orqanı xaricdə - İraqda (yerli şiə və kürd müxalifəti sayəsində), Livanda (Hizbullahın sayəsində), Səudiyyə Ərəbistanında (şiə müxalifəti sayəsində) güclü mövqelərə malikdir.


Bəzi məlumatlara görə, yeni təşkilatın ilk kəşfiyyat rəhbəri (əvvəllər SAVAK rəhbərliyinin tərkibində olub, 70-ci illərin əvvəllərindən isə “Xüsusi Kəşfiyyat İdarəsi” adlı muxtar strukturuna rəhbərlik edib) Hüseyn Fərdust DTK ilə əməkdaşlıqda şübhəli bilinərək tutduğu vəzifədən azad edilib və 1985-ci ilin dekabrında "sovet agenti" ittihamı ilə həbs olunub. Eyni vaxtda kəşfiyyat aparatında kütləvi təmizləmə aparılıb və 1984-cü ildə xidmət özü faktiki olaraq Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin funksiyalarını yerinə yetirən İnformasiya Nazirliyinə çevrilib. Nazirliyin birinci rəhbəri Məhəmməd Məhəmmədi Reyşəhrinin (1984-1989) dövründə kəşfiyyat, demək olar ki, tam olaraq hazırkı formasını alıb və xaricdəki işinin əsas istiqamətləri müəyyən edilib (o zaman İraq və Əfqanıstana xüsusi diqqət yetirilirdi).

Onun varisi Əli Fallahian (1989-1997) nazirliyi dünyanın ən güclü kəşfiyyat orqanlarından birinə çevirməyə nail oldu. Onun rəhbərliyi altında İran kəşfiyyatı ərəb-İsrail və Bosniya münaqişələrində təsir rıçaqları əldə etdi, Əlcəzairdəki İslam hərəkatına böyük təsir göstərdi, Livan və Pakistanda iştirakını genişləndirdi, həmçinin Almaniya, Tacikistan, Ermənistan və Latın Amerikasında möhkəmləndi.
Fallahian təkcə beynəlxalq islamçı təşkilatlar deyil, həm də Fələstinin Azadlıq Xalq Cəbhəsi və Yunanıstanın “17 Noyabr” kimi bir çox radikal sol qruplaşmaları üzərində nəzarətə nail oldu.

Fallahianın varisi Dorri Nəcəfabadi İnformasiya Nazirliyinin rəhbəri vəzifəsində uzun müddət qalmadı. Onun nazir olduğu dövrdə nazirliyə qarşı Ayətullah rejimini tənqid edən 70 tanınmış jurnalist və siyasətçinin məhv edilməsi ittihamları ilə bağlı qalmaqal yaranmışdı. Uzun sürən araşdırmalardan sonra Nəcəfabadi bu ittihamların əsaslı olduğunu etiraf etdi və 1999-cu il fevralın əvvəlində istefa verdi. Bu işə görə bütün məsuliyyət Fallahyanın təhlükəsizlik və kəşfiyyat üzrə keçmiş müavini, həmin ilin iyununda həbsxanada “intihar” nəticəsində dünyasını dəyişən Səid İmaminin boynuna qoyuldu.

Hazırda bu kəşfiyyat dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir. Onun heyəti 4 min işçi və 30 mindən çox agentdən ibarətdir. Nazirlik rəhbəri İraqın cənub və şimal bölgələrində gizli kəşfiyyat və təxribat-terror şəbəkəsinin yaradılmasına şəxsən nəzarət edir. Amerikanın bu ölkədə olması Tehran üçün təhlükə yaradarsa və ya Bağdadın gələcək qərbyönlü lideri anti-İran siyasət yürütmək niyyətində olarsa, ondan istifadə edilməsi planlaşdırılır.

İranın bütün inzibati və güc strukturları öz fəaliyyətlərini praktiki olaraq İnformasiya Nazirliyinin rəhbəri ilə əlaqələndirirlər. Xüsusilə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH). Bu təşkilat 1979-cu ilin mayında Xomeyni rejiminin orduya qarşı əsas sütunu kimi yaradılıb. İnqilab Keşikçiləri Korpusuna quru qoşunları (370 min nəfərdən çox), Hərbi Dəniz Qüvvələri (20 min nəfər) və Hərbi Hava Qüvvələri (təxminən 20 min nəfər) daxildir. Xarici Kəşfiyyat Komitəsi və Xarici Əməliyyatlar Komitəsi SEPAH Ali Komandanlığının tərkibində fəaliyyət göstərir. İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi strukturları Livan və Sudanda ən güclü mövqelərə malikdirlər. Bundan əlavə, onların Fars körfəzi ölkələrində, Fələstində, Almaniyada, Fransada, Kanadada, Braziliyada, Paraqvayda, Pakistanda və Filippində agentura təxribat şəbəkələri var.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   Kəşfiyyat  





Xəbər lenti